Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

   Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə    | Eksklüziv
  03 Fevral 2023    Oxunub:4792
“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı amansız terror aktı ilə bağlı iki versiya ola bilər. Birinci versiya budur ki, bu terror aktını Azərbaycana nifrət edən axmaq İran fanatikləri törədib. Ancaq bu hələ ehtimal oluna bilən ən yaxşı variantdır”.
Bu sözləri AzVision.az -a israilli politoloq Mixail Finkel deyib. Onun fikrincə, bu variant İranı planlaşdırılan terror aktları barədə heç nə bilməyən, onların baş verməsinin qarşısını almaq üçün əlindən heç nə gəlməyən, diplomatik nümayəndəliklərin üzvlərinin təhlükəsizliyi üçün şərait yaratmağı bacarmayan ölkə saymağa əsas vermir.

“İkinci versiya daha pis və daha faciəlidir. İran hakimiyyətinin planlaşdırılan terror aktından xəbəri olub və bilərəkdən buna yol verib. İstər Yaxın Şərqdəki husilər, istər Afrikadakı terrorçular, istərsə də Livandakı və Suriyadakı Hizbullah itləri vasitəsilə terror aktları törədən və onlara sponsorluq edən İranın bu fəaliyyətinin tarixi hər kəsə məlum olduğundan, ikinci variant, yəni Tehranın bu dəhşətli cinayətə şərik olması ehtimalı yüksəkdir” ,- M.Finkel bildirib.

Ariel Universitetinin professoru, politoloq Zeev Hanin düşünür ki, Azərbaycanın İrandakı səfirliyində baş verənlərə Bakı-Tehran-Yerusəlim üçbucağında formalaşmış münasibətlərin ümumi kontekstində baxmaq lazımdır. O, AzVision.az -a bildirib ki, İsrail və Azərbaycan strateji tərəfdaşdırlar. Azərbaycan İsrailə neft, neft məhsulları, İsrail isə öz növbəsində Azərbaycana müxtəlif silahlar verir. Hər iki ölkə texnoloji, humanitar layihələri inkişaf etdirirlər. Ən əsası da təhlükəsizlik sistemində əməkdaşlıq var ki, İran bundan son dərəcə narahatdır. İranla Azərbaycanın formal olaraq diplomatik əlaqələri var, lakin iki ölkənin münasibətlərində dərin fikir ayrılıqları mövcuddur.

- Azərbaycanlılar Şimal-Qərbi İran əhalisinin böyük əksəriyyətini təşkil edir, bu ölkədə iranlılardan sonra ikinci ən böyük etnik qrup və ən böyük milli azlıqdır. Azərbaycanlılar oradakı soydaşlarına pis olmasında maraqlı deyillər, digər tərəfdən, öz milli təhlükəsizliklərini düşünməlidirlər,- ekspert deyib.

Onun fikrincə, Tehran öz daxili problemlərini, qeyri-sabitliyi, iqtisadi böhranı, Qərbin ciddi təzyiqlərini nəzərə alaraq, əksər hallarda olduğu kimi, əhalisinin diqqətini xarici məsələlərə yönəltməyə çalışır: “İran İsraillə açıq düşmənçiliyi və antisemitizmi fəal şəkildə təbliğ edir. Tehran Bakını Yerusəlimə yaxınlaşmasına görə pisləyir. Artıq demək olar ki, güc nümayişi həyata keçirilir. İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər bunun bariz nümunəsidir. İran Azərbaycanda sabitliyi pozmaq üçün etnik dini separatizmi də aktivləşdirməyə çalışır. Azərbaycan-İsrail dostluğu İranı xeyli hiddətləndirir”.

Yerusəlimdəki İvrit Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun əməkdaşı, iranşünas ekspert Vladimir Mesamed isə xatırladıb ki, İranın diplomatik missiyalara hücumu ilk dəfə deyil:

- İranlılar illər əvvəl İsrailin Bakıdakı səfirliyinə hücuma cəhd ediblər. 2013-cü ildə Azərbaycanda İsrail səfirliyinə və onun əməkdaşlarına hücum etməkdə şübhəli bilinən İran vətəndaşı həbs edilib. Azərbaycanlı əməliyyatçılar axtarış zamanı İsrailin Bakıdakı səfirliyinin əməkdaşlarına hücumun müfəssəl planını aşkar ediblər. Əminəm ki, belə cəhdlər çox olub. Təbii ki, bunun kimə sərfəli olmasıyla bağlı suallar yaranır.

Ekspert deyir ki, bütün bunlar İranın indi yaşadığı gərgin dövrlə - Tehranla vasitəçi ölkələr arasında nüvə proqramı razılaşmasının olmaması, İrandakı son dərəcə acınacaqlı iqtisadi vəziyyət və ölkədəki kütləvi etirazlarla bağlıdır. Bundan başqa, Bakı ilə İsrail arasındakı münasibətlər Tehranı çox qıcıqlandırır. İranlılar fəal şəkildə Azərbaycan-İsrail münasibətlərinin inkişafına qarşı çıxmağa çalışırlar.

“Terror aktından əvvəl ikitərəfli münasibətlərdə çox mühüm hadisələr baş verib - Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar qəbul edilib. İkinci mühüm hadisə ondan ibarətdir ki, bu yaxınlarda Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin regional konfransı keçirilib. Görüşdə postsovet ölkələrində və Balkanlarda çalışan 30-a yaxın israilli diplomat, həmçinin İsrail Xarici İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər. Bakı regional diplomatiyanın inkişafı üçün müəyyən mərkəzə çevrilir. Aydındır ki, bu da iranlıları çox qıcıqlandırır. Səfirlikdə baş verənlərdən sonra Azərbaycan-İran münasibətlərinə ciddi şəkildə yenidən baxıla bilər”, - Mesamed bildirib.

Murad Nəcəfov
Samir Vəliyev

AzVision.az


Teqlər: Terror   İran   İsrail  





Xəbər lenti